Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Xalq artisti Gülyanaq Məmmədova Daşkənddə möhtəşəm konsert proqramı ilə çıxış edəcək
12.09.2022

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən qardaş ölkənin müstəqilliyinin 31-ci ildönümü münasibəti ilə və iki ölkə arasında dostluğa xidmətlərinə görə Özbəkistanın Xalq artisti adına layiq görülən Gülyanaq Məmmədova sentyabrın 14-15-də Daşkənd şəhərində möhtəşəm konsert proqramı ilə çıxış edəcəkdir.

Bu barədə AZƏRTAC-a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib.

Azərbaycanın Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədova bacıları Daşkənddə keçiriləcək “İpək yolunun dürdanəsi” adlı Beynəlxalq Kino Festivalında iştirak, habelə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Daşkənd şəhəri və Bektemir rayonunda təşkil olunacaq “Ulug‘lardan ulug‘imsan Vatanim” adlı möhtəşəm konsert proqramı ilə çıxış edəcəklər.

Xalq artistləri Daşkənddə sentyabrın 14-də açılışı olacaq “İpək yolunun dürdanəsi” adlı Beynəlxalq Kino Festivalında qırmızı xalıdan keçəcəklər. Sentyabrın 15-də isə onların Beynəlxalq Kino Festivalı çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində açılışı olacaq “Azərbaycan kino günləri” tədbirində konsert proqramı ilə çıxışı nəzərdə tutulub. Həmçinin sentyabrın 17-də Gülyanaq və Gülyaz Məmmədova bacılarının Özbəkistanın Buxara şəhərində mərkəzi sarayda konsert proqramı ilə çıxışı gözlənilir.

Qeyd edək ki, bu, Özbəkistanın Xalq artisti adına layiq görüləndən sonra Gülyanaq Məmmədovanın dost və qardaş ölkədə ilk konserti olacaq.

Oxşar Xəbərlər

    ×