Sentyabrın 13-də Azərbaycan İstiqlal Muzeyində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərlinin müəllifi olduğu “Türk ruhunun bayrağı Əhməd Cavad” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Əhməd Cavadın anadan olmasının 130 illiyi, vəfatının 85-ci münasibətilə hazırlanmış kitabın təqdimat mərasimində Milli Məclisində deputatları, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib və Dövlət Himni səsləndirilib.
Ümummilli lider Heydər Əliyevin türk dünyasının birliyi, tarixi şəxsiyyətlərimizin tanınması, ortaq türk bədii ədəbiyyatının və poeziya aləminin yaranması istiqamətində atdığı addımlardan bəhs edən çıxışçılar bildiriblər ki, Prezident İlham Əliyev bu məqsədyönlü siyasəti uğurla davam etdirərək mühüm strategiya müəyyən edib. Böyük istiqlal şairi Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin məlum Sərəncamı bu istiqamətdə atılan mühüm addımlardandır.
Diqqətə çatdırılıb ki, Əhməd Cavad ömrünü, canını, bütün varlığını türkçülük və turançılıq ideyalarına həsr edib. Düşmənləri ideya və təfəkküründən daim təlaş keçirdikləri üçün onun məzarının olmasına belə imkan verməyiblər. Bütün bunlara baxmayaraq, Türkiyə və Azərbaycanın müstəqilliyi yolunda yorulmaz fəaliyyət göstərən istiqlal şairimizin əziz xatirəsi on milyonlarla insanın qəlbində yaşayır. Əhməd Cavad vətənə, torpağa, Azərbaycan-Türkiyə qardaşlığına, bayraqlarımıza ən çox şeir həsr edən poeziya sərrafı kimi əbədi həyat qazanıb.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbədən geniş söz açılıb. Əminliklə ifadə olunub ki, Qarabağ Zəfəri ömrünü Azərbaycan və Türkiyənin müstəqilliyi, azadlığı, bütövlüyü yolunda fəda edən Əhməd Cavad kimi böyük insanların şəxsiyyətinə ən böyük ərməğandır.
Sonra təqdim olunan kitabın əhəmiyyəti barədə fikir və düşüncələr bölüşülüb.