"Şuşa İli" elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə çərçivəsində növbəti təqdimatlardan biri Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifə həsr olunub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, təqdimatda görkəmli şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilir.
Molla Pənah Vaqif 1717-ci ildə Qazaxın Salahlı kəndində anadan olub. Molla Pənah Vaqif yaxşı təhsil almış, fars və ərəb dillərində yaxşı danışır, astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi. Vaqif təhsilini başa vurduqdan sonra əvvəlcə Qazaxda, sonra isə Qarabağda məscid nəzdində fəaliyyət göstərən mədrəsədə dərs demiş və elə burada da Molla Pənah adını almışdır. Hətta xalq arasında belə bir məsəl də yaranır: "Hər oxuyan Molla Pənah olmaz".
Şairin şöhrəti Qarabağ hakimi İbrahimxəlil xana çatır və onu saraya dəvət edib eşikağası vəzifəsinə təyin edir. Onun ağıl, fərasət və bacarığını görüb çox keçmədən baş vəzir rütbəsinə yüksəldir.
Molla Pənah Vaqif öz əsərlərində şərq poeziyasının bütün klassik formalarından istifadə edib. Ancaq onun yaradıcılığının böyük bir qismi, qoşma növündə yazılmış şeirlər təşkil edir. Həmin şeirlərin dili xalqın canlı danışığına çox yaxındır.
1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu zamanı İbrahimxəlil xan Car-Balakənə üz tutur. Şəhəri ələ keçirən Qacar bir gün sonra orada sui-qəsd nəticəsində öldürülür. Hakimiyyətə İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy gəlir. Məhəmməd bəy Vaqifi oğlu Əli bəylə birlikdə edam etdirir. Vaqifin evi talan olunur, əlyazmaları yandırılır.
Ümummilli lider Heydər Əliyevin 1982-ci ildə Şuşa şəhərində Molla Pənah Vaqifə ucaltdığı böyük məqbərə bu ölməz sənətkarın ədəbiyyatımızın inkişafı sahəsindəki xidmətlərinə və ictimai-siyasi fəaliyyətinə dövlət səviyyəsində verilmiş yüksək qiymətin parlaq ifadəsidir.
1992-ci il mayın 8-də Ermənistanın silahlı dəstələri işğala məruz qoyduqları Şuşada mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş və tarixi-memarlıq abidələrini məhv etmiş, o cümlədən Molla Pənah Vaqifin məqbərəsini dağıtmışlar.
Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra 2021-ci il yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Prezident İlham Əliyevin tapşırığına əsasən burada təmir-bərpa və yenidənqurma işlərinə start verilib. Həmin ilin avqustun 29-da Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı həyata keçirilib.