Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar olaraq “Milli istiqlal şairi Əhməd Cavad” adlı elektron baza hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Milli istiqlal şairi Əhməd Cavad ” adlı elektron bazada görkəmli şair, ictimai xadim Əhməd Cavadın 120 və 130 illiyinin keçirilməsi haqqında imzalanan Sərəncamların mətni, ədibin həyat və yaradıcılığını əks etdirən məlumatlar, onun haqqında söylənilən dəyərli fikirlər yer alıb. Burada Əhməd Cavadın müəllifi olduğu əsərlər, dövrü mətbuatda çıxan məqalə və şeirləri, dünya klassiklərindən tərcümə etdiyi ədəbiyyat nümunələri haqqında məlumat verilib. Bazada Əhməd Cavad haqqında yazılan kitablar, məqalələr (Azərbaycan dili ilə yanaşı, türk və rus dillərində), dissertasiya və referatlar, sözlərinə bəstələnən musiqi əsərləri də təqdim edilib.
Qeyd edək ki, kitabxananın rəsmi saytında yerləşdirilən elektron baza ilə tanış olmaq istəyənlər bu linkə - https://ryl.az/melumat-bazalari/Ehmed_Cavad_el_melumat_bazasi/index.html keçid edə bilərlər.