Facebook Pixel Code
GoMap XƏRITƏ
Turizm xəbərləri
İordaniyanın Mədəbə şəhəri ilə Azərbaycan arasında turizm əlaqələri müzakirə olunub
13.10.2022

2022-ci ildə ərəb turizminin paytaxtı elan edilmiş İordaniyanın qədim şəhəri Mədəbə Azərbaycanla mədəniyyət və turizm sahələrində əməkdaşlıqda maraqlıdır.

AZƏRTAC xəbər verir ki, ölkəmizin İordaniyadakı səfiri Eldar Səlimovun Mədəbə vilayətinin qubernatoru Nayif Əl-Hidayət ilə görüşündə əməkdaşlığın perspektivləri müzakirə edilib. Böyük Mədəbə şəhərinin meri Arif Əl-Rəvacihin də iştirak etdiyi müzakirələrdə qeyd olunub ki, bu şəhərlə Azərbaycanın mühüm turizm mərkəzləri arasında birgə layihələrin həyata keçirilməsi, habelə qarşılıqlı səfərlər və təcrübə mübadiləsi hər iki ölkə üçün faydalı olacaq.

Səfir E.Səlimov ölkəmizin turizm potensialı, bu sahədə həyata keçirilən layihələr barədə məlumat verib. O diqqətə çatdırıb ki, “Azərbaycan Hava Yolları” QSC Bakı və Əmman arasında birbaşa aviareyslər təşkil edir.

Görüşdə Mədəbə Turizm Departamentinin rəisi Vail Əl-Ceynini Azərbaycan səfirinə turizm sektorunun fəaliyyəti və potensialı barədə məlumat verib. Azərbaycanlı qonaqlar Mədəbədəki turistik məkanları və Mozaika İnstitutunu gəziblər, burada E.Səlimova Mədəbə Mozaika Ağacı hədiyyə edilib.

Oxşar Xəbərlər

    ×