Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Milli Qəhrəman Fikrət Hacıyevə həsr olunmuş “Torpağına baş ǝyǝrǝm" filmi nümayiş edilib
14.10.2022

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Fikrət Hacıyevə həsr olunmuş “Torpağına baş ǝyǝrǝm" filmi nümayiş etdirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə 233 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri və müəllim kollektivi iştirak edib.

Tədbirin aparıcısı Gülzar Tağıyeva Milli Qəhrəman Fikrət Hacıyevin şərəfli həyat yolu haqqında geniş məlumat verib.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında 2010-cu ildən vətənpərvərlik mövzusunda, Birinci Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş Azərbaycanın Milli Qəhrəmanları haqqında 40-dan çox sənədli film çəkilib. “Torpağına baş ǝyǝrǝm” filmi də bu filmlər sırasındandır. Filmin ssenari müəllifi və rejissoru Aydan Əhmədovadır.

Fikrət Hacıyev 1964-cü il mayın 19-da Goranboy rayonunun Qızılhacılı kəndində anadan olub. 1978-ci ildə səkkizinci sinfi bitirərək, Gəncə texniki-peşə məktəbində elektrik ixtisasına yiyələnib. 1982-ci ildə Goranboy rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Ufa şəhərində keçib. Bakı Kooperativ Texnikumunda təhsilini başa vurub. 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanıb. Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Qaraçinar və digər yaşayış məntəqələrinin müdafiəsində fəal iştirak edib. Goranboy döyüşlərində 1992-ci il 5 mayda qəhrəmancasına həlak olub. Qızılhacılı kənd qəbiristanlığında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə Fikrət Əli oğlu Hacıyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Ballıqaya kənd orta məktəbi onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulub.

Oxşar Xəbərlər

    ×