Bu il görkəmli psixoloq-alim, professor, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Əbdül Əlizadənin anadan olmasının 90 illiyi tamam olur.
Görkəmli alimin 90 illiyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Psixoloq-alim Əbdül Əlizadə” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, Ə.Əlizadənin müəllifi olduğu kitablar və haqqında yazılan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ebdul_Elizade/index.htm linkindən istifadə edə bilərlər.
Eyni zamanda Milli Kitabxanada Əbdül Əlizadənin həyat və yaradıcılığını əhatə edən ənənəvi kitab sərgisi də açılacaq.
Qeyd edək ki, Əbdül Əlizadə pedaqoji fəaliyyətə 1955-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində başlayıb. Daha sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun psixologiya kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. O, 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasını bitirib. İstedadlı psixoloq “Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətləri” mövzusunda namizədlik, 1976-cı ildə isə “Cinsi dimerfizm və şəxsi qarşılıqlı münasibətlərin psixoloji problemləri” doktorluq dissertasiyalarını müdafiə edib. Bir psixoloq kimi onun elmi yaradıcılığında şagirdlərin yaradıcı təxəyyül mövzusu xüsusi yer tutub. Gənc alim bu mövzunu müxtəlif aspektlərdən tədqiq edərək orijinal elmi-praktik nəticələrə gəlib. Təhsil psixologiyası sahəsində apardığı tədqiqatları təkmilləşdirməklə yanaşı, o, etnopsixoloji məsələlərin öyrənilməsinə diqqəti artırıb, təhsildə şəxsiyyətin etnopsixoloji zəmində formalaşdırılması ideyasını irəli sürüb.
Ə.Əlizadə məktəbi fərdiyyət psixologiyası ilə daha yaxından bağlı olmuş, onun etnopsixoloji, cinsi, mənəvi, yaradıcılıq aspektlərindən öyrənilməsini əsas vəzifə kimi qarşıya qoymuşdur.
O, elmi fəaliyyətinə görə bir sıra orden və medallarla, o cümlədən “Şöhrət” ordeni ilə təltif olunub, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Təhsilin nəzəriyyə və praktikası ilə məşğul olan görkəmli pedaqoq, Əməkdar elm xadimi, psixoloq-alim, professor Əbdül Əlizadə 2015-ci il fevralın 22-də dünyasını dəyişib.