Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemin 2 saylı filialı 251 nömrəli tam orta məktəbin şagirdləri ilə birlikdə azadlıq şairi Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar "İstiqlal şairi" adlı tədbir keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, filialın müdiri R.Şirinova, kitabxananın böyük metodisti İ.İmanova, məktəbin müəllimi R.Sarıyeva şair Əhməd Cavadın həyat və yaradıcılığı haqqında ətraflı məlumat veriblər.
“Ədəbi mühitdə və geniş ictimaiyyətdə həm də cümhuriyyət dövrünün ən parlaq şairi kimi tanınan Ə.Cavadın bədii, siyasi ideya dünyası təbiət və sevgi lirikası qədər zəngindir. Onun Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti, həmçinin mövqeyi yeni romantik və vətəndaşlıq poeziyamızın parlaq nümunələrini yaratması ilə xarakterizə olunur. Əhməd Cavad şeir-sənət aləminə qatıldığı ilk günlərdən Azərbaycan türklərinin və türk dünyasının milli şairi kimi sevilib”.
Tədbirin bədii hissəsində şagirdlər tərəfindən Əhməd Cavadın şeirləri səsləndirilib.