Müdafiə Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə qazi və hərbçi övladları üçün növbəti xeyriyyə aksiyası keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, aparıcı Ayaz Məmmədov aksiya iştirakçılarını salamlayaraq, davamlı şəkildə bu səmtdə görülən işlərdən söz açıb, aksiyada həkim, plastik cərrah Dilqəm Məhərrəmovun artıq bir ilə yaxındır təmənnasız iştirak etdiyini vurğulayıb. Sonra Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçu qazilərlə iş üzrə şöbəsinin rəisi Zümrüd Səmədova çıxış edərək, təşkil olunan tədbirin cəmiyyət üçün əhəmiyyətindən danışıb.
Tədbirə, həmçinin iş xanımı Ruhi Əliyeva, "Natiq" ritm qrupunun rəhbəri Xalq artist Natiq Şirinov dəstək veriblər.
Övladları sünnət olunmuş qazi və hərbçi ailələrinin üzvləri onları daim diqqətdə saxlayan aksiya təşkilatçılarına göstərdikləri qayğıya görə təşəkkürlərini bildiriblər.