Nyu-Yorkun Bruklin meriyasında (Brooklyn Borough Hall) Azərbaycan haqqında rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Nyu-Yorkda fəaliyyət göstərən “Mənim yolum” (My way) Uşaq və Gənclərin İnkişafı Mərkəzinin şagirdlərinin ərsəyə gətirdiyi əsərlər nümayiş etdirilib.
Mərkəzinin rəhbəri Alyona Bədəlova bildirib ki, ənənəvi olaraq keçirilən sərgidə bu il xüsusi ilə Azərbaycanın tarixi zəfərini tərənnüm edən hadisələr öz əksini tapıb. Diqqətə çatdırılıb ki, mərkəzdə ABŞ-da yaşayan azərbaycanlı ailələrin övladları və amerikalı şagirdlər təhsil alır. Şagirlər ABŞ-da, qonşu ölkələrdə və Azərbaycanda sərgilərə qatılır və çoxsaylı mükafatlar alırlar. Onlar artıq 7 ildir ki, hər il Nyu-York və Bruklin meriyasında keçirilən sərgilərdə iştirak edilər.
Qeyd edək ki, “Mənim yolum” Uşaq və Gənclərin İnkişafı Mərkəzinin şagirdləri Nyu-Yorkda keçiriləcək növbəti sərgiyə hazırlaşır. Növbəti sərgi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidə həsr olunacaq.