Ağdaşda 10-dan çox abidənin üzərində qanunsuz yerləşdirilən reklam lövhələri sökülüb.
Bu barədə Reporta Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xidmətin Qəbələ Regional İdarəsinin əməkdaşları tərəfindən Ağdaş şəhərində yerləşən tarix-memarlıq abidələrinə edilən qanunsuz müdaxilələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə monitorinq həyata keçirilib.
Monitorinq zamanı 10-dan çox abidənin üzərində qanunsuz yerləşdirilən reklam lövhələrinin obyekt sahibləri tərəfindən sökülməsi təmin olunub: "Bir daha mülkiyyətində və ya icarəsində tarixi abidələr olan şəxsləri abidələrimizin, eləcə də şəhərlərimizin estetik görünüşünün qorunmasına və gələcək nəsillərə tam şəkildə çatdırılmasına həssas yanaşmağa çağırırıq".