Azərbaycan Milli Konservatoriyasında (AMK) “Qloballaşan dünyada musiqi ənənələri” beynəlxalq elmi-praktik konfrans keçirilib.
AMK-dan AZƏRTAC-a bildirilib ki, rektor, Xalq artisti Siyavuş Kəriminin nitqi ilə iki gün davam edəcək konfrans açıq elan olunub. Konfransın aparıcı moderatoru, Elmi işlər üzrə prorektor, professor Lalə Hüseynova çıxış edərək tədbirin məqsədi və proqramı haqqında geniş məlumat verib, iştirakçıların işinə uğurlar arzulayıb.
Tələbə xoru Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib. Daha sonra konservatoriyanın iki əsas konfrans zalında proqram üzrə çıxışlara start verilib.
İlk günün yekun tədbiri AMK-nın böyük zalda olub. Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş AMK-nın tələbələrindən ibarət xalq çalğı alətləri orkestrinin (bədii rəhbər – Ellada Məmmədova) konserti keçirilib.
Tədbirdə konfrans iştirakçıları, konservatoriyanın professor müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Növbəti gün hər iki konfrans zalında iclaslar keçirilib, iştirakçılar məruzə ilə çıxış ediblər. Proqram üzrə iclaslar davam edib. Mövzular ətrafında geniş müzakirələr aparılıb.
Günün sonunda final konserti ilə konfransa yekun vurulub. AMK-ın tələbələrdən ibarət Xalq çalğı alətləri orkestrinin konserti olub.
Qeyd edək ki, konfransa dünyanın 10-dan çox ölkəsindən iştirakçılar qatılıb.