Noyabrın 22-də Şirvanşahlar Sarayı Kompleksində “Milli Qurama Festivalı” çərçivəsində “Qurama” adlı kitabın təqdimatı olub.
Qoruq idarəsindən AZƏRTAC-a bildirilib ki, iki dildə təqdim olunan “Qurama” adlı kitabın müəllifi "İçərişəhər" Muzey Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikovadır.
Açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQ) İdarə Heyətinin sədri Şahin Seyidzadə, həmçinin bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Milli Məclisin deputatı Soltan Məmmədov, məşhur fotojurnalist Reza Deqati də çıxış edərək qurama sənətinin tarixindən, bu sənət növünün yayılmasında görülən tədbirlərdən bəhs ediblər.
Tədbir çərçivəsində sərginin açılışı da olub.
Xatırladaq ki, 2022-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq “Milli Qurama Festivalı” keçirilib.