Azərbaycan musiqi sənətinin korifeylərindən olan Fikrət Əmirovun anadan olmasının 100 illiyini Fransanın Mezzo televiziyası da qeyd edib.
AZƏRTAC xəbər verir ki, televiziya kanalının internet səhifəsində bəstəkarın balet və simfonik konsertlərinin yayımlanacağı ilə bağlı proqram açıqlanıb. Proqrama əsasən musiqisevərlərə cari il dekabrın 1-dən 23-dək Monte-Karlo operasında Rauf Abdullayevin dirijorluğu ilə Monte-Karlo Filarmonik Orkestrinin ifasında bəstəkarın “Kürd-Ovşarı”, “Gülüstan Bayatı-Şiraz” kimi simfonik muğamları, “Azərbaycan kapriççiosu” və “Şeyx Sənan” operasından “Kor ərəbin mahnısı” kimi bəstələri təqdim ediləcək. “Şeyx Sənan” operasından “Kor ərəbin mahnısı” xanəndə Alim Qasımovun ifasında yayımlanacaq.
Həmçinin Mezzo televiziyası tviter hesabında Fikrət Əmirovun 100 illiyinin qeyd edilməsi ilə bağlı məlumat yayıb və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında lentə alınmış “Min bir gecə” baletindən bir parçanı səhifəsində yerləşdirib.