Dekabrın 8-də Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə turizm sahəsindəki inkişaf tendensiyalarını, o cümlədən marketinq, regional inkişaf və turizm siyasəti məsələlərini müzakirə etmək məqsədilə “Azərbaycan Turizm Sammiti 2022” öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə turizm sənayesinin üzvləri, dövlət və özəl sektor nümayəndələri iştirak edirlər.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sammitin əhəmiyyətindən danışıb və 2022-ci ildə turizm sektorunda əldə olunmuş nailiyyətlərdən söz açıb.
Sammit panel iclaslarla davam edib. İclaslarda “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, "Turizm mədəni irs və yaradıcı sənaye: yeni çağırışlar", “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti” və “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularına həsr olunmuş 4 panel çərçivəsində müzakirələr aparılıb.