Dekabrın 12-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünyaşöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir təşkil edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Heydər Əliyev – müstəqil Azərbaycanın qurucusu və memarı” adlı tədbirdə Ulu Öndərin ömür yolundan və gördüyü böyük işlərdən danışılıb.
Kitabxananın direktoru Aslan Cəfərov çıxışına Prezident İlham Əliyevin “Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti bir fədəkarlıq nümunəsidir. Onun mirası bugünkü müstəqil Azərbaycandır” sözləri ilə başlayaraq, Azərbaycan xalqının Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, fenomen, bənzərsiz dahi şəxsiyyət olduğunu söylədi. Bütün həyatını xalqının azad, firavan, xoşbəxt rifahına, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətlərinin misilsiz olduğunu, Azərbaycanın müstəqil dövlət kimi dirçəlməsində, dünya miqyasında tanınmasında, demokratik, hüquqi dövlətin qurulmasında, əsrlik tarixə malik olan milli, mənəvi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsində, ilk milli Konstitusiyamızın qəbul edilməsində, vətəndaş cəmiyyətinin formalaşdırılmasında və yeni, uğurlu iqtisadi kursun müəyyənləşdirilməsində Ümummilli Liderimiz Heydər Əliyevin danılmaz əməyinin olduğunu vurğulayıb. Müstəqil ölkəmizin bugünkü nailiyyətlərinin, şanlı Qələbəsinin Heydər Əliyev strategiyasının təntənəsi olduğunu və Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva, Metodiki təminat və layihələrlə iş şöbəsinin müdiri Tamella Məmmədova, Kitabxana işinin avtomatlaşdırılması və rəqəmsallaşdırma şöbəsinin müdiri Səadət Şəfiyeva, İnformasiya təminatı və media ilə iş şöbəsinin müdiri Günay Həsənova müasir Azərbaycanın Ulu Öndər tərəfindən yaradılan fundamental təməl üzrə ucaldığını, beynəlxalq arenada nüfuzlu mövqe tutduğunu, qalib ölkə kimi dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada durduğunu bildiriblər. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərinin onun fəaliyyətinin bütün mərhələlərini əhatə etdiyini, Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş Ulu Öndərimizin xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlərinin olduğunu söyləyiblər. Dahi şəxsiyyət, dünya miqyaslı siyasətçi Heydər Əliyevin gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etdiyini bildirərək, Ulu Öndərin gənclərə olan qayğısından, gənclərin mədəni, iqtisadi, siyasi sferalarda bir mütəxəssis kimi yetişmələrinə göstərdiyi daimi dəstəkdən, Azərbaycanda Gənclər Gününün və Gənclər Forumunun təsis edilməsindən danışdılar. Heydər Əliyevin, həmçinin müasir gənclər siyasətinin banisi olduğunu bildirdilər.
Tədbirdə kitabxana əməkdaşları tərəfindən Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə dahi liderin həyat və fəaliyyətinə həsr olunmuş dərin məzmunlu, geniş, maraqlı və məlumatlandırıcı virtual kitab sərgisi nümayiş olunub.
Virtual kitab sərgisində dünyaşöhrətli siyasətçi Heydər Əliyevin siyasət və hakimiyyət arenasına gəlişindən, müstəqil Azərbaycanın quruculuğu sahəsində olan misilsiz fəaliyyətindən bəhs edilir. Materialda dünyaşöhrətli siyasətçilərin, dövlət xadimlərinin Ümummilli Lider haqqında söylədikləri dəyərli fikirlər, Ulu Öndərin əziz xatirəsinin əbədiləşdirilməsi haqqında geniş və ətraflı məlumat verilib. Hazırlanan materialda Ümummilli Liderin foto və videogörüntüləri ilə yanaşı, Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş kitablar da sərgilənib. Belə ki, materialda “Xalqın xilaskarı”, “Fəxr edirəm ki, azərbaycanlıyam”, “Heydər Əliyev və Hüseyn Cavid”, “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti”, “Heydər Əliyev və nitq mədəniyyəti”. “Heydər Əliyev və Nizami Gəncəvi”, “Mahir siyasətçi, müdrik rəhbər” kimi çox sayda kitabın biblioqrafik təsviri təqdim edilib.