Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən “Əhməd Bakıxanov-130” adlı virtual sərgi və “Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz rolu olan Əhməd Bakıxanov-130” adlı videoçarx hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan videomaterialda Əhməd Bakıxanovun həyat və yaradıcılığı, Azərbaycan muğamının inkişafındakı müstəsna əməyi, muğamımıza gətirdiyi yeniliklər, geniş pedaqoji fəaliyyəti müddətində yetişdirdiyi tələbələr və mətbuatda öz əksini tapan məqalələri haqqında geniş və maraqlı məlumatlar yer alıb.
“Əhməd Bakıxanov-130” adlı virtual sərgidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əhməd Bakıxanovun 130 illik yubileyi ilə əlaqədar imzaladığı Sərəncam, Bakıxanovun həyat və yaradıcılığı, təltif və mükafatları, “Muğam, mahnı, rəng”, “Ömrün sarı simi”, “Azərbaycan xalq rəngləri”, “Oxu tar”, “Əhməd Bakıxanov xatirələrdə” kimi 20-yə yaxın kitabın biblioqrafik təsviri verilib. Materialda tanınmış mədəniyyət və ədəbiyyat nümayəndələrinin ustad tarzən haqqında dəyərli fikirlər, xatirələr yer alıb.
Hazırlanan materiallar kitabxananın rəsmi saytında və sosial şəbəkələrində yerləşdirilib.