Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki fotorubrika Qubadlı rayonu Çaytumas kənd məktəb-liseyinə həsr olunub.
Nazirlikdən bildiriblər ki, məktəb-liseydə 581 şagird təhsil alır.
1930-cu ildən ibtidai məktəb kimi fəaliyyətə başlayan təhsil müəssisəsi 1970-ci ildən tam orta məktəb olaraq fəaliyyət göstərib. 1993-cü ildən 2004-cü ilədək fəaliyyətini Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin nəzdində davam etdirib. 2004-cü ildə yeni inşa olunan tədris binasına köçürülən məktəb Təhsil Nazirliyinin əmri ilə texniki fənlər təmayüllü məktəb-lisey adı ilə fəaliyyət göstərir. Burada tədris resursları ilə zəngin fənn kabinetləri, geniş stadion, idman, akt zalları, kompüter kabineti var. Ali məktəblərə qəbul göstəricilərinə əsasən, Dövlət İmtahan Mərkəzi tərəfindən respublikanın ən yaxşı məktəbləri sırasına daxil edilib. 2018-2019-cu tədris ilində məktəb-liseyi bitirən 34 məzunun hər biri tələbə adını qazanıb. Burada təhsil alan şagirdlər hər il respublika səviyyəli layihələrdə yaxından iştirak edərək uğur qazanırlar. Təhsil müəssisəsinin respublikanın ictimai-siyasi həyatında, eləcə də elm sahəsində çalışaraq orden və medallarla təltif olunan məzunları var.
Xatırladaq ki, “Məktəbimizdə” fotorubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü əks etdirməkdir.