Prezident İlham Əliyevin Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamı ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Ömər Faiq Nemanzadə-150” adlı elektron metodik vəsait hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdim olunan metodik vəsaitdə Azərbaycan milli mətbuatının inkişafına dəyərli töhfələr vermiş görkəmli maarifçi-ziyalının həyat və fəaliyyəti haqqında məlumat verilərək, onun irsinin kitabxanalarda geniş təbliği məqsədilə müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dair metodik tövsiyələr əks olunub. Eyni zamanda Ömər Faiqə aid edilən imzalar, təxəllüslər, həmçinin qəzet və jurnallardakı yazıları öz əksini tapıb.
Qeyd edək ki, Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazmış və son dərəcə mürəkkəb şəraitdə onun inkişafına istiqamət verərək keyfiyyətcə yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış maarifpərvər ziyalılardandır.