Mədəniyyət Nazirliyi tərəfindən bu ilin mart ayından həyata keçirilən “Yeni adlar” musiqi layihəsi davam edir. Layihə çərçivəsində istedadlı gənclər böyük səhnələrdə ölkəmizin aparıcı kollektivlərinin müşayiəti ilə öz məharətlərini göstərirlər.
AZƏRTAC xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsinin növbəti konserti keçirilib.
Gecədə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiəti ilə gənc musiqiçilər, respublika və beynəlxalq müsabiqələr laureatları Aişə Əmrahova (qanun) və Hüseyn Quliyev (tar) maraqlı musiqili proqramla çıxış ediblər. Orkestr tərəfindən Fikrət Əmirovun "Kürd ovşarı" simfonik muğamından fraqment və Niyazinin "Qaytağı" əsəri böyük şövqlə təqdim edilib.
Konsertdə Aişə Əmrahovanın ifasında H.Xanməmmədovun “Tar və simfonik orkestr üçün 2 nömrəli konsert”i, Hüseyn Quliyevin təqdimatında isə H.Xanməmmədovun "Kamança və simfonik orkestr üçün konsert”i alqışlarla qarşılanıb. İstedadlı gənclər orkestrin müşayiəti ilə hər iki əsəri həm peşəkarlıq, həm də sevgi ilə səsləndiriblər.