Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və muzeyin əməkdaşı Rəma Zeynalova Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.
Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, onlar MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanışlıq zamanı burada toplanan nəşrlərə, məlumat bazalarına, Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillərdən ibarət guşələrə baxıblar, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsində Ulu Öndərin həyatı, zəngin siyasi irsini özündə əks etdirən nəşrlərə diqqət yetiriblər.
MEK-in baş direktoru Məmməd Əliyev qonaqlara kitabxananın tarixi, fondları, həyata keçirdiyi layihələr və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib.
Şirin Məlikova tərəfindən MEK-ə xalçaçılıq, bədii tikmələr, zərgərlik, dekorativ tətbiqi sənət sahələrinə aid nəşrlər, MEK tərəfindən isə “Heydər Əliyev İli” çərçivəsində hazırlanan “Heydər Əliyev-100” adlı illik təqvim təqdim olunub.
Sonra iki müəssisə arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib. Görüşdə “Vikipediya”da xalçalar haqqında dolğun məlumatların yerləşdirilməsinin önəmindən danışılıb.
Müzakirələr zamanı xalçaçılıq terminlərinin, anlayışlarının xarici dillərə dəqiq tərcümələri, eləcə də ən çox tanınan Azərbaycan xalçaları haqqında informasiyanın əlçatanlığının prioritet məsələlərdən olduğu, Azərbaycan xalçaçılığının dünyada tanıdılmasında doğru təbliğatın aparılmasının vacibliyi vurğulanıb.
Görüş hər iki müəssisə arasında həyata keçiriləcək əməkdaşlığın müzakirəsi əsasında davam edib.