Dünya Səhiyyə Təşkilatının (DST) fövqəladə komitəsinin yanvarın 30-da keçirilən iclasında yeni növ koronavirusla bağlı qlobal fövqəladə vəziyyət elan olunub.
DST-nin açıqlamasında fövqəladə vəziyyətin üzv dövlətlərə konkret tövsiyələrlə bağlı olduğu qeyd edilib. Bu tövsiyələrin məqsədi virusun ölkələrin sərhədlərini aşaraq daha da yayılmasını önləməkdir. Təşkilatın rəhbəri Tedros Adhanom Ghebreyesus qeyd edib ki, hazırda Çinin hüdudlarından kənarda infeksiya hallarının sayı hələ ki, azdır, lakin zəif səhiyyə sisteminə malik bir ölkədə bu virusun yayılmasının necə nəticələnəcəyini təsəvvür etmək mümkün deyil.
Qeyd edək ki, yeni növ koronavirusa (nCoV-2019) dünya üzrə yoluxma hallarının sayı 17 il bundan əvvəl tüğyan etmiş SARS pandemiyasını aşıb. Hazırda rəsmi rəqəmlərə görə, dünya üzrə 8100-dən artıq adam bu virusa yoluxub. DST-nin məlumatına görə, SARS virusuna 2002-2003-cü illərdə 8096 nəfər yoluxmuş, 774 nəfər ölmüşdü.