Bakıda “Chagh Art Platform” un təşkilatçılığı, “Baba Budan’s Coffee&Sweets”in ev sahibliyi ilə bir qrup rəssamın əsərlərindən ibarət “Serenada” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə nümayiş olunan əsərlərin əsas mövzusu dünya incəsənətinin əsas mövzularından olan insan sevgisi və məhəbbətidir.
Sərgidə nümayiş olunan rəsmlər də bu mürəkkəb insan hisslərini göstərir. “Serenada" da bir araya gətirilən əsərlərin hər biri izləyiciləri rəngkar və heykəltəraşların fərqli hisslərinin, sevgi ilə bağlı düşüncələrinin əks olunduğu sənət incilərini seyrə dəvət edir.
Burada tamaşaçı rəssamlar Rafael Əliyev, Fikrət İbrahimli, Fərhad Yalquzaq, Leyla Altunay, Ellada İsmayıl, Cavid Məmmədov, Sahib Yaqubov, Elçin Hüseyn, Çinarə Baxşıyeva, Müşfiq Heydərov, İnara Nəzərli, Rəşad Rzayev, Zamik Rzayev, Alina İqnatova, Sara Nizam, Nəzrin Həsənova, Bənövşə İmanova kimi rəssamların sevgini təcəssüm etdirən, bir-birindən maraqlı kompozisiyaları ilə qarşılaşır: Rəfail Əliyevin ülvi hissləri simasına yansıyan qadın portreti, Fərhad Yalquzağın ən isti sevgi ocağı olan ailə, Leyla Altunayın sevgi sonsuzluğunu işığa bənzədən kompozisiyaları, Ellada İsmayılın qoy hər zaman sevgililərin günü olsun şüarlı əsəri və digər rəngkarlıq əsərləri hər kəsə öz hekayəsini xatırladır. Məhəbbətli ilahiləşdirən Elçin Hüseynin əfsanəvi cütlük obrazları, Zamik Rzayevin eşqin ecazkar rəqsi tanqo oynayan cütlükləri, Çinarə Baxşıyevanın nağılları anımsadan sevgi hekayəsi, Sahib Yaqubovun əfsanəvi sevgi tarixçəsinin qəhrəmanları Leyli-Məcnunu, Müşfiq Heydərovun sevgi hekayəsindən yadigar xatirələri izləyicilərdə maraq doğurur.
Sərginin açılışında çıxış edən tanınmış sənətşünas alim Qalib Qasımov “Chagh Art Platform”un fəaliyyətindən, sərginin əhəmiyyətindən danışıb. O, çıxışında rəssamların romantik və lirik üslubda yaratdıqları bir-birindən maraqlı əsərlərin bədii estetikasından bəhs edib.
Sərginin kuratorları, gənc sənətşünaslar Nigar Hətəmova, Şəbnəm Əzizova və Dürdanə Qurbanovanın kuratorluq fəaliyyətlərinə toxunan natiq ölkəmizdə kuratorluq işinin inkişafında gənclərin rolunu xüsusi qeyd edib.
Sərgi fevral ayının 16-dək davam edəcək.