Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Azərbaycan Dövlət Pedaqoji və Corc Vaşinqton universitetləri arasında ikili diplom proqramı imzalanıb
31.01.2020

Yanvarın 31-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə sazişin imzalanma mərasimi keçirilib.

Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer, ADPU-nun rektoru Cəfər Cəfərov, ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer çıxış ediblər.

Bildirilib ki, ölkə Prezidenti İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək ikili diplom proqramı təhsil sahəsində menecerlər hazırlanmasını nəzərdə tutur.

ABŞ tərəfi ilə aparılan danışıqlara əsasən, proqram çərçivəsində 2020-2021-ci tədris ilindən etibarən ADPU-da magistratura pilləsinə qəbul aparılacaq. Magistratura pilləsində təhsilin 2 il müddətinə ingilis dilində aparılması və hər il 25 tələbənin qəbulu nəzərdə tutulur. Abituriyentlər qəbul üçün ilk olaraq Dövlət İmtahan Mərkəzi, daha sonra Corc Vaşinqton Universiteti tərəfindən təşkil edilən imtahanlarda iştirak etməlidirlər. Tədris həm Corc Vaşinqton Universitetindən dəvət olunan, həm də yerli müəllimlər tərəfindən aparılacaq. Sonda məzunlara Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Corc Vaşinqton Universitetinin diplomları veriləcək.

Oxşar Xəbərlər

    ×