Türkiyənin Milli Müdafiə və Milli Təhsil nazirliklərinin təşkilatçılığı ilə zəlzələ bölgəsindəki çadır və konteyner şəhərciklərində açılan “Mehmetcik məktəbləri”ndə təhsil davam edir.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Mehmetcik məktəbləri”ndə təhsillərini davam etdirən uşaqlar çəkdikləri şəkillərlə və yazdıqları məktublarla əsgər qardaşlarına təşəkkür ediblər.
Milli Müdafiə Nazirliyi sosial media hesabından “Mehmetcik məktəbləri”ndə təhsilini davam etdirən övladlarımızın qələmindən əsgər qardaşlarını duyğulandıran şəkillərdən və məktublardan bəziləri” qeydi ilə şagirdlərin duyğusal şəkillərini və məktublarını paylaşıb.
Əsgər və uşaq çəkilmiş şəkildə “Əziz Yunus abimə, səni sevirəm Yunus abi. Sən bizi qoruyursan, çox sağ ol” sözləri yazılıb.
Başqa bir şagird “Əsgər abi, sənə bir şey demək istəyirəm. Mən səni çox sevirəm, sən yaxşı insansan. Əsgər abi, mənə yaxşı davrandığın üçün çox sağ ol” yazıb.
Başqa bir şəkildə isə “Mehmetcik məktəbi” və əsgərlərin rəsmi çəkilib.