Həssas qrupa daxil olan uşaqlarla ən mühüm iş, təbii ki, məktəb psixoloqlarının üzərinə düşür. Təəssüf ki, bu sahədə olan ümumi vəziyyət bizi yetərincə qane etmir. Əsaslı dönüş yaratmaq, ümumtəhsil müəssisələrində psixoloji xidmətin düzgün təşkilinə və səmərəliliyinin artırılmasına nail olmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə məktəblərdə çalışan psixoloqlar və təşkilati işlər üzrə direktor müavinləri üçün fevral ayından başlayaraq təlimlər keçiriləcək.
Bunu açıqlamasında BŞTİ-nin müdiri Rəşad Tağıyev söyləyib.
O bildirib ki, bu sahədə uğurlu nəticələr əldə etmək üçün təhsili idarəetmə orqanlarının müvafiq dövlət qurumları ilə sıx əməkdaşlığı böyük əhəmiyyət kəsb edir. Birgə əməkdaşlıq çərçivəsində küçə həyatına məruz qalmış uşaqların təhsilə cəlb edilməsi və onların təhlükəsizliyinin təmin olunması məqsədilə təsirli tədbirlər görülür. Təhsildən yayınan uşaqların məktəbə cəlb edilməsi ilə bağlı internet-klublarda mütəmadi olaraq reydlər keçirilir. Qeyd olunan məsələlərlə bağlı bilavasitə məktəblərdə həmin uşaqlar və onların valideynləri ilə profilaktik işlər aparılır.
Müvafiq əməkdaşlıq çərçivəsində hər zaman bu məsələlərə həssas yanaşan rayon icra hakimiyyətləri yanında fəaliyyət göstərən Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyaların, Daxili İşlər Nazirliyinin, Bakı Şəhəri Baş Polis İdarəsinin və Rayon Polis İdarələrinin müvafiq əməkdaşlarının, Səhiyyə Nazirliyinin, Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin, Bakı Şəhəri İdman Baş İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin davamlı fəaliyyətini və dəstəyini xüsusilə qeyd etməliyik.