Facebook Pixel Code
GoMap XƏRITƏ
Turizm xəbərləri
Azərbaycanın Hindistanla turizm əməkdaşlığını genişləndirməsi təklif edilir
28.03.2023

Azərbaycanla Hindistan arasında qarşılıqlı turizm axınını genişləndirmək üçün imkanlar mövcuddur.

Report xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar bu gün Bakıda keçirilən Azərbaycan-Hindistan B2B görüşündə bildirib.

"Son illər Hindistandan Azərbaycana turizm axını əhəmiyyətli dərəcədə artsa da, Azərbaycandan Hindistanı az sayda insan ziyarət edir. Bu yəgin ki, Azərbaycan vətəndaşlarının Hindistanda gedə biləcəyi cəlbedici yerlər haqqında məlumatının olmaması ilə əlaqədardır. Ona görə də ümid edirəm ki, bugünkü mübadilələr və təqdimatlar vasitəsilə biz Azərbaycandakı əsas maraqlı tərəflərə daha çox məlumat verə biləcəyik. B2B görüşü münasib bir vaxtda təşkil edilib. Çünki biz turizm sektorunda hər iki tərəfin əməkdaşlığının genişləndiyini görürük", - deyə o qeyd edib.

Səfirlik rəsmisi vurğulayıb ki, Azərbaycan və Hindistan arasında tarixi-mədəni əlaqələrə əsaslanan dostluq münasibətləri mövcuddur.

"Ötən il bizim ikitərəfli ticarətimiz 1 milyard 882 milyon ABŞ dolları dəyərində olub. Hindistan hazırda Azərbaycanın beşinci ən böyük ticarət tərəfdaşıdır", - deyə o əlavə edib.

"Turizm sektoru Hindistan üçün çox vacibdir, ölkədə xidmət sektorunun ən böyük komponentlərindən biridir, hər il ÜDM-in 7%-ni təmin edir. Pandemiyadan sonra sektorun güclü böyüməsi gözlənilir. Bunun üçün hökumət turizm infrastrukturunun təkmilləşdirilməsi, Hindistana səyahətin asanlaşdırılması daxil olmaqla, elektron viza imkanını Azərbaycan da daxil olmaqla 150-dən çox ölkəyə genişləndirməklə müxtəlif tədbirlər həyata keçirib".

Oxşar Xəbərlər

    ×