Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Nizami” kino mərkəzində “Qarabağnamə. Tarixin səhifələri” adlı sənədli filmin təqdimatı keçirilib
31.03.2023

“Nizami” kino mərkəzində “Qarabağnamə. Tarixin səhifələri” adlı sənədli filmin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səslənib. Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü naminə canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Film tamaşaçıları tanınmış azərbaycanlı qrafik, dəzgah rəssamı, plakatların, habelə uşaqlar və yaşlılar üçün kitablara illüstrasiyaların müəllifi, Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynovun “Qarabağnamə. Tarixin səhifələri” adlı sənədli-bədii qrafika seriyası ilə tanış edir. Onun adı həm Vətənimizdə, həm də xaricdə rəngkarlıq həvəskarlarına yaxşı məlumdur. Alboma rəssamın çox sənədli-bədii qrafika janrında icra edilmiş 50-dən əsəri daxildir. Filmdə təsvir edilən işlərin əsas xüsusiyyəti onların adsız olmasıdır. Qrafik əsərlərdəki mətnlərdə konkret hadisələr və ya şəxsiyyətlər barədə söhbət açılır. Rəssamın əsərləri arasında Xocalıya həsr edilmiş kompozisiyalar, I Pyotrun məktubu, Türkmənçay müqaviləsi, güllələmiş heykəllər, Qarabağ müharibəsi, Pənahəli xan, Xarıbülbül gülü, Alban kilsələrinin saxtalaşdırılması, ermənilərin Cənubi Qafqaza köçürülməsi barədə I Pyoturun fərmanı və başqa mövzulara həsr edilmiş nümunələr var. Bu seriyada Qarabağ musiqiçiləri haqqında bütöv bir silsilə, generalların portretləri, Qarabağ qadınları, Qarabağ atları və başqa mövzular açıqlanır. Bütün əsərlər qravüra janrında yerinə yetirilib. Tarixi reallıqlar rəssamın bənzərsiz təxəyyülü prizmasından əks olunub. Ağ-qara qrafika vizual təsir bağışlayır. Tarixi faktlara əsaslanan, maarifçilik xarakteri daşıyır bu işlərdə zəngin tarixi informasiya var. Rəssam yeni nəsillərin Qarabağı vizual şəkildə anlamaları üçün əlindən gələni edib.

Arif Hüseynovun fikrincə, Azərbaycanın hər bir vətəndaşı öz tarixini bilməlidir, çünki Qarabağ bizim torpağımız, bizim tariximizdir.

Rəssam öz işlərini şərh edərək deyib: “Bu işə başlamazdan əvvəl uzun müddət hazırlaşmışam. Qarabağın tarixini öyrənmişəm. Çoxlu ədəbi əsərlər oxumuşam, tarixi sənədləri araşdırmışam, Vətənimizi şöhrətləndirən məşhur insanlar barədə çox yeniliklər öyrənmişəm. Bu əsərlər Azərbaycan və ingilis dillərində yazılmış mətnli ağ-qara qrafika əsərləridir. Bu seriyanı xarici ölkələrdə də göstərmək istəyirəm ki, orada bilsinlər: Qarabağ əzəli Azərbaycan torpağı, ermənilər isə başqasının torpağını işğal edənlərdir. Yaxşı olardı ki, bu işlər Avropada da təqdim edilsin, qoy orada həqiqəti bilsinlər. Buna görə mən mətni ingilis dilinə də tərcümə edirəm”.

Filmin rejissoru Elnurə Kazımova deyib: “Bu film Qarabağın keçmişinə, bu gününə və gələcəyinə həsr edilib. Biz bu filmdə Qarabağın tarixini, mədəniyyətini, musiqisini, memarlıq abidələrini göstərmişik”.

Rejissor daha sonra əlavə edib ki, filmin süjetinə görə Arif Hüseynov əvvəlcə rəsm əsərlərini yaradır, sonra isə onları toplayır ki, Şuşa şəhərində bu əsərlərin ekspozisiyasını təşkil etsin.

Arif Hüseynov qeyd edib ki, onun yaratdığı qrafik əsərlər sonradan “Qarabağnamə. Tarixin səhifələri” kitabına daxil edilib, daha sonra sənədli-bədii qrafika ideyası filmdə təcəssüm olunub. Bu seriyaya daxil olan bütün işlər kimi, kino lenti də Qarabağ uğrunda döyüşlərdə həlak olmuş bütün şəhidlərin xatirəsinə həsr edilib. Rəssam deyib: “Bunu əlavə edə bilərəm ki, “Qarabağnamə. Tarixin səhifələri” adlı qrafik işlər seriyası hələ başa çatmayıb. İşıqlandırılmalı mövzular çoxdur. Buna görə əvvəlcə rəsmlər çəkilməlidir”.

Tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Rəssamlar İttifaqının katibi Xalq rəssamı, professor Ağaəli İbrahimov, rejissor Oqtay Mirqasımov, Xalq yazıçısı Natiq Rəsulzadə və başqaları çıxış ediblər. Onlar vurğulayıblar ki, Arif Hüseynov doğma diyarı ürəkdən sevir, onun çəkdiyi əsərlər isə bu Vətənin tarixinin salnaməsidir. Arif Hüseynov bu və ya digər mövzuya həsr edilmiş silsilə əsərlər yaratmağı xoşlayır. Onun yaradıcılığının mövzusu rəngarəngdir.

Arif Hüseynov həyatının bir neçə ilini təqribən 30 il ərzində işğal altında qalmış doğma Qarabağın tarixi, hərbi və mədəni keçmişinə həsr edilmiş monumental silsilə yaratmağa sərf edib.

“Qarabağnamə. Tarixin səhifələri” kitabı rəssamın təxəyyülünün məhsulu deyil. Bu, konkret hadisələr, faktlar və şəxslər barədə hekayətdir. İndi deyə bilərik ki, bu əsər həm də işğaldan azad edilmiş doğma diyarımızın – başıbəlalı Qarabağın, 30 il gözlədiyimiz Qələbənin tarixidir.

Bu da çoxdan gözlənilən Qələbə! Rəssamın əvvəlki işləri əsasən ağ-qara rəngli qravüralar idisə, “Qələbə” başlıqlı plakatlar seriyası rənglidir. Bu seriyada bayrağımızın qırmızı, yaşıl və göy rəngləri, günəş və doğma Qarabağın yaşıl təbiəti bir-birinə qovuşub.

Arif Hüseynov ölkəmizin həyatında baş verən hər bir mühüm hadisəyə tezliklə münasibət bildirir. Onun sərgiləri demək olar ki, hər il keçirilir və yaxşı mənada həsəd aparılmağa layiqdir.

Arif Hüseynovun fikrincə, hər bir rəsm əsəri sadəcə təsvir olmamalı, informasiya daşımalıdır.

Daha sonra Arif Hüseynovun 80 illiyinə həsr olunmuş film nümayiş etdirilib.

Oxşar Xəbərlər

    ×