Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində təbiət qoynunda yaradılmış plener əsərlərdən ibarət yaradıcılıq sərgisi təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, sərgidə iştirak etmək üçün 18 yaşdan yuxarı Azərbaycan və xarici ölkə vətəndaşları mayın 5-dək təqdim edəcəyi əsərin fotosu ilə bərabər ad və soyadı, əsərin adı, ölçüsü və texnikasını qeyd etməklə plener2023@gmail.com elektron ünvanına göndərməlidir.
Texnika və ölçü sərbəstdir. İştirakçı ən çox 3 əsəri ilə qatıla bilər, lakin sərgidə 1 və ya 2 əsər nümayiş olunacaq. Seçimlər bədii şura tərəfindən aparılacaq.
Əsərləri nümayiş olunan müəlliflər sertifikatla təltif ediləcəklər. Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.