Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən rayon Mədəniyyət Mərkəzində Gənclər Günü münasibətilə gənc mədəniyyət könüllülərinin regional konfransı keçirilib.
Əvvəlcə könüllülər ulu öndər Heydər Əliyevin Sabirabad rayonunda ucaldılmış abidəsini ziyarət ediblər.
Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov “Könüllülər ili” ilə əlaqədar həyata keçiriləcək tədbirlər və layihələr barədə tədbir iştirakçılarına məlumat verib, mədəni kütləvi tədbirlərin keçirilməsi istiqamətində görüləcək işlərdən danışıb.
Sabirabad rayon Mədəniyyət Mərkəzinin A. İsgəndərov adına xalq teatrının rejissoru Seyidməmməd Əliyev könüllülərin istedadlarının üzə çıxarılması və onların mədəniyyət sahəsinə olan maraqlarını daha da artırılması məqsədilə, habelə onlara gələcək fəaliyyətlərində faydalı olması üçün səhnə danışığı ilə bağlı öz tövsiyələrini verib.
Tədbir konsert proqramı ilə davam edib.
Əliabbas Paşayevin rəhbərliyi ilə Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin “Ana-Kür” instrumental ansamblının, Əhmədabad kənd Folklor evinin “Axısxa-Halay Türk” folklor rəqs kollektivinin, Aşıq Əziz Habiloğlunun, V Televiziya Muğam müsabiqəsinin laureatı Səməd Səmədovun və digərlərinin ifasında bir-birindən rəngarəng musiqi nömrələri təqdim edilib.