76 –cı “Kann” Beynəlxalq Film Festivalı çərçivəsində Hollivud ulduzu Harrison Fordun baş rol ifaçısı olduğu rejissor Ceyms Menqoldun “İndiana Cons və taleyin çarxı” filminin dünya premyerası olacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, on beş ildən sonra rejissor Ceyms Menqoldun çəkdiyi ekran əsərinin ilk təqdimatı mayın 18 –də Kann şəhərində gerçəkləşəcək. Film daha sonra iyunun 28-də Fransa kinoteatrlarında, iyunun 30-da isə ABŞ-da nümayiş olunacaq.
Film müsabiqədənkənar nümayiş ediləcək və ekran əsərinin süjet xətti barəsində hələ heç bir açıqlama verilməyib.
Xatırladaq ki, əfsanəvi macəraçı İndiana Cons haqqında təqdim olunmuş sonuncu film rejissor Stiven Spilberqin 2008-ci ildə çəkdiyi "İndiana Cons və Kristal kəllə krallığı" adlı ekran əsəri olub.