“Qızıl Alma” və “Böyük Turan” ideyaları və fəlsəfəsini əks etdirən “Qızıl Alma - Böyük Turan” layihəsi davam edir. Azərbaycan rəssamları tərəfindən layihəyə böyük maraq göstərilir və layihədə iştirak etmək üçün müraciətlər daxil olur. Hazırda 50-dək rəssam öz əsərini layihə üçün təqdim edib. Digər türkdilli xalqları təmsil edən rəssamların da layihəyə qoşulması üçün işlər davam edir.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq layihənin kuratoru və ideya müəllifi Qalib Qasımov məlumat verib.
“Layihə iştirakçılarından biri Almaniyada yaşayan azərbaycanlı gənc rəssamdır. Layihə Böyük Turan və Qızıl Alma ideyaları və fəlsəfəsini əks etdirən yeni rəsm əsərlərinin yaradılması məqsədilə keçirilir. Ümumilikdə layihə iştirakçılarının sayı 100 nəfər olacaqdır ki, bu da 2023-cü ilin həm Türkiyə Cümhuriyyətinin 100 illiyinə, həm də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə ithaf ediləcək. İlkin mərhələdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi təşkil olunacağı nəzərdə tutulur. Layihənin yekun nəticələri və açılacaq sərgilərlə bağlı məlumat veriləcək”, - deyə Qalib Qasımov bildirib.