AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin əməkdaşı, dosent Bəsirə Əzizəlinin “Son yüzilliyin türkçü ideoloqu Muhsin Kadıoğlu” monoqrafiyası nəşr olunub.
İnstitutdan bildirilib ki, professor Bədirxan Əhmədlinin elmi redaktorluğu ilə işıq üzü görən monoqrafiyada Türkiyə və dünyada türkçülüyün müxtəlif məsələlərini ardıcıl şəkildə öyrənən və müzakirəyə gətirən Muhsin Kadıoğlunun əsərləri araşdırılıb.
Müəllif qeyd edir ki, M.Kadıoğlu gənc yaşlarından türkçülük ideologiyasını mənimsəyib, dərindən öyrənib və bu sahəyə “Ağıla əsaslanan türkçülük” konsepsiyasını da əlavə edib. İnternetdə türkçülük, bioloji müxtəliflik və türkçülük, gələcəyin türkçülüyü kimi mövzuları da M.Kadıoğlu Türkiyədə ilk dəfə olaraq qələmə alıb. Eyni zamanda, “texno-milliyyətçilik” anlayışını ilk dəfə təqdim edib. O, Türkiyədə və bütün türk aləmində ilk araşdırma olan “Anlayaraq çox sürətli oxumaq metodları” kitabını 1990-cı ildə yazaraq bu sahənin öncülü olub, türk dilinin özəlliklərinə uyğun anlayaraq çox sürətli oxumaq istiqamətində hazırladığı ilk kompüter proqramı ilə mühüm bir işə imza atıb. Uzun müddət Türkiyə mətbuatında müzakirə edilən və yüksək dəyərləndirilən bu yenilik sözügedən sahədə növbəti araşdırmalara yol açıb.
Müəllifə görə, mifologiyadan, xalq ədəbiyyatı nümunələrindən, yazılı ədəbiyyatımızın ilkin qaynaqlarından, islam mədəniyyəti abidələrindən, bəşər tarixinin inkişaf mərhələlərindən, müasir dünyanın çoxspektrli meyillərindən qaynaqlanan, onları müzakirə obyektinə çevirən, müqayisələr aparan, şərh edən və dəyərləndirən M.Kadıoğlunun geniş məlumat dairəsi, analitik təfəkkürü təəccüb doğurmaya bilmir.
Azərbaycanla bağlı məsələlər də M.Kadıoğlunun yaradıcılığının ilkin mərhələlərində önəmli yer tutur. Monoqrafiyanın “Muhsin Kadıoğlu və Azərbaycan” bölümündə yazarın ölkəmizlə bağlı müxtəlif əsərləri, Azərbaycanda yayımlanan məqalələri şərh edilib. M.Kadıoğlunun B.Əzizəli ilə birlikdə yazdığı, Bakı haqqında ilk genişhəcmli tur bələdçisi kitabı olan, türk və ingilis dillərində “Google Play Books” üzərindən yayımlanan “Bakı Gezi Rehberi” kitabı da monoqrafiyada təhlil edilib.
“Türk tarixi insanlığa sivilizasiya dərsi verə biləcək saysız nümunələrlə doludur”, - deyən M.Kadıoğlunun türkçülük görüşlərindəki konseptual yanaşma, ardıcıl, sistematik fəaliyyət B.Əzizəli tərəfindən ətraflı şəkildə elmi ictimaiyyət və oxuculara təqdim olunub.