Bu gün Azərbaycanın Xalq artisti Məmməd Bürcəliyevin doğum günüdür.
AZƏRTAC xəbər verir ki, anadan olmasının 109-cu ildönümü tamam olan M.Bürcəliyev yaratdığı obrazlar qalereyası ilə Azərbaycan teatr tarixində özünə layiqli yer tutub.
Məmməd İsmayıl oğlu Bürcəliyev 1914-cü il aprelin 25-də Şəki şəhərində anadan olub. Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1932-1935-ci illərdə Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərib və maraqlı obrazlar qalereyası yaradıb. 1935-ci ildən ömrünün sonunadək, yəni, 1994-cü ilədək Gəncə Dövlət Dram Teatrında çalışıb.
1967-1968-ci illərdə N Moskva Dövlət İncəsənət Universitetinin “Teatr aktyoru və rejissoru” fakültəsini bitirib.
1948-ci ildə M.Bürcəliyev “Yadigar” adlı bir dram əsəri də qələmə alıb. Həmin il “Yadigar” pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Pyesin quruluşçu rejissoru Ağəli Dadaşov, rəssamı Bəhram Əfəndiyev və musiqi tərtibatçısı Şəmsəddin Fətullayev olub. M.Bürcəliyevin “Yadigar” pyesi 1948-ci ildə keçmiş SSRİ-də keçirilmiş “Müasir dramaturqların əsərlərinə baxış” festivalında 3-cü dərəcəli mükafata layiq görülüb. Həmçinin M.Bürcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda 75-dən artıq məqalə, resenziya və oçerkin müəllifidir.
Məmməd Bürcəliyev Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən artıq maraqlı obrazlar qalereyası yaradıb. “Od gəlini”ndə Altunbay, “Aydın”da Səlim, “Nəsrəddin şah”da Cavad xan, “1905-ci ildə”də Qubernator, “Almaz”da Şərif, “Səyavuş”da Kərşivaz, “Fərhad və Şirin”də Azər baba, “Otello”da Radriqo, “Vaqif”də İbrahim xan, “Üç qəpilik opera”da Bıcaq Mex, “III-Riçard”da Lord Xestinqs, “Odu atma, Prometey”də Kefest, “Dəli Kür”də Qoca, “Qacaq Nəbi”də Koxa Məmməd, “Qəribə dilənçi”də Qeyza Qaliba və s. obrazları onun yaradıcılığının əsasını təşkil edir. Həmçinin bu teatrın səhnəsində M.Bürcəliyev 11 pyesə quruluşçu rejissor kimi səhnə həyatı bəxş edib. Cəlil Məmmədquluzadənin “Ölülər”, Teymur Məmmədovun “Ürək yanarsa”, Altay Məmmədovun “Həmyerlilər” və “Bəraət”, Tofiq Mahmudun “Onuncular”, Sabit Rəhmanın “Əliqulu evlənir”, Qərib Mehdiyevin “Oxşarlar”, Şəfayət Mehdiyevin “Mirzə Fətəli”, Rəsul Həmzətovun “Dağlı qızı”, Yusif Əzimzadənin “Anacan”, Abdulla Şaiqin “Tülkü həccə gedir” pyeslərinə quruluş verib.
1944-1945-ci illərdə Məmməd Bürcəliyev Fikrət Əmirov ilə birgə ilk dəfə olaraq Gəncə Dövlət Filarmoniyasını yaradıblar və həmin illərdə Gəncə Dövlət Filarmoniyasının direktoru Məmməd Bürcəliyev olub. O, 1955-ci ildə respublikanın “Əməkdar artisti”, 1958-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
1994-cü il noyabr ayının 25-də Gəncə şəhərində vəfat edib.
Respublikanın Xalq artisti, qocaman teatr və kino aktyoru olan Məmməd Bürcəliyev haqqında bir çox qəzet və jurnallarda məqalələr, o cümlədən oçerklər dərc edilib. Həmçinin 1998-ci ildə “Günəş” nəşriyyatı tərəfindən teatrşünas-tənqidçi Anar Bürcəliyevin “Əsl el adamı” monoqrafiyası çap edilib.