Mayın 5-də Bakıdakı Rus evində ailə dəyərlərinə həsr olunmuş tədbir - “Nəsil-şəcərə ağacı” adlı seminar keçiriləcək.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarın spikeri Başqırdıstanda ailə ağacları və gerblərinin tərtibi üzrə eyniadlı studiyanın yaradıcısı, RF Dövlət Duması nəzdində gənclər parlamentinin mədəniyyət şurasının üzvü Lira Süleyman olacaq. O, “Öz köklərin barədə bilik uğur təməli kimi” mövzusunda çıxış edəcək. L.Süleyman, həmçinin türkdilli əcdadlardan danışacaq, nəsil kitabının qədim zamanlarda necə tərtib olunmasından və bu kitabların hazırkı görünüşündən söhbət açacaq, öz nəsil kitabınızın necə hazırlanması, bu işdə hansı proqramlardan istifadə etmək barədə praktik məsləhətlər verəcək.
Neopsixoloq Gülnaz Batırova öz çıxışını “Soykök dəyərləri nəslin güclənməsinə necə kömək edir. Genetik yaddaş resursları” mövzusuna həsr edəcək.
Başqırdıstan nümayəndə heyətinin tərkibinə Başqırdıstan Respublikasındakı “Azərbaycan Milli-Mədəni Mərkəzi” regional ictimai təşkilatının idarə heyətinin sədri Mətanət Əmrahova da daxildir.