Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb.
AMEA-dan bildirilib ki, qəzetin ilk səhifəsində akademiyanın Rəyasət Heyətində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, eləcə də Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla keçirilən görüşlər yer alıb.
Mətbu orqanın növbəti səhifələrində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Yüksək Texnologiyalar Parkına ziyarəti, Prezident İlham Əliyevin fəaliyyəti haqqında akademik Ramiz Mehdiyevin məqaləsi, Kimya, Humanitar, Biologiya və Tibb Elmləri, Gəncə bölmələrinin, eləcə də Şəki və Lənkəran regional elmi mərkəzlərinin 2019-cu ildəki fəaliyyətinə dair akademiyanın Rəyasət Heyətinin iclasındakı hesabatları, yeni təyinatlar, həmçinin YAP AMEA Rəyasət Heyəti ilk ərazi təşkilatının iclası və “Elmi kadrlar” Milli İnformasiya Sisteminin təqdimatı haqqında ətraflı məlumat verilir.
Bundan əlavə, elmi ictimaiyyətin nümayəndələrinin Şəhidlər xiyabanına ziyarəti, Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının AMEA-da keçirdiyi tibbi aksiya, Xəzər dənizinin səviyyəsinin dəyişilməsinə dair tədqiqatlar, akademiyanın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası, Lənkəran Regional Elmi Mərkəzində AMEA-nın Ümumi yığıncağından irəli gələn tədbir, Şəki Regional Elmi Mərkəzinin Elmi şurasının iclası qəzetin altıncı səhifəsində oxuculara təqdim edilir. Növbəti səhifələrdə akademiklər Ramiz Məmmədov və Fuad Əliyevin 70, professor Kamandar Şərifovun isə 80 illik yubileylərinə həsr olunan materiallar, həmçinin Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ilə müsahibə və elmi yeniliklərə dair xəbərlər yer alıb.
On altı səhifəlik qəzetdə rus dilində məqalələr də əksini tapıb.
Qeyd edək ki, 1984-cü ildən nəşr olunmağa başlayan “Elm” qəzetinin baş redaktoru İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.