Emi Uaynhaus pərəstişkarları hazırlanan “Amy Winehouse: In Her Words” kitabında mərhum müğənninin fikirlərini və həyatını daha dərindən öyrənə biləcəklər. Kitabda onun şəxsi gündəliklərindən fraqmentlər və bir çox başqa materiallar təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, kitab müğənninin nümayəndələri tərəfindən aparılan Uaynhaus sosial şəbəkələri vasitəsilə anons edilib. Kitabda “əfsanə olmaq üçün böyüyən qız uşağının şüuruna nəzər salmaq” üçün “müğənninin bundan öncə heç kimin görmədiyi şəxsi gündəlikləri, mahnılarının əlyazmaları və birgə çəkilən ailə fotoşəkilləri» təqdim olunub.
“Amy Winehouse: In Her Words” nəşri avqustun 29-da qalın cildli 288 səhifəlik kitab şəklində çap ediləcək. Kitabın relizi müğənninin 40 illiyinə iki həftə qalmış keçiriləcək.
Eminin ailəsi kitabın satışından əldə olunan bütün qonorarları Emi Uaynhaus fonduna bağışlayacaq.
Hazırda Emi Uaynhaus haqqında «Back to Black» adlı bioqrafik film çəkilir. Bu ekran əsərində əsas qadın obrazını ingilis aktrisası Marisa Abela canlandıracaq, rejissor isə Sem Teylor-Conson olacaq.