Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Dünyaşöhrətli Freddi Merkurinin şəxsi əşyalarından ibarət kolleksiya hərracda satılacaq
28.04.2023

Məşhur “Queen” musiqi qrupunun vokalisti Freddi Merkurinin şəxsi əşyaları İngiltərədə hərraca çıxarılacaq.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, “Sotheby's” hərrac evinin açıqlamasına görə, musiqiçinin şəxsi geyimləri, topladığı sənət əsərləri və mahnı əlyazmaları da daxil olmaqla ümumilikdə 1500-ə yaxın əşyanın satılması planlaşdırılır.

Musiqiçi 1991-ci ilin noyabrında 45 yaşında QİÇS-dən vəfat edəndən bəri ona məxsus bütün bu çoxsaylı əşyalar Londonun Kensinqton bölgəsində onun şəxsi Garden Lodge malikanəsində saxlanılıb.

Hərraca çıxarılacaq əşyalar arasında müğənninin 1986-cı ildə İngiltərədə “God save the queen” mahnısının rok aranjemanını ifa etmək üçün səhnədə geyindiyi tac və xəzli paltosu da var. Bu lot 80 min funt-sterlinqə (100 min dollar) qiymətləndirilir. Daha sonra dillər əzbəri olan “We are the champions” mahnısının əlyazması 300 min funt-sterlinqə (375 min dollar), fransız rəssamı Ceyms Tissonun (1836-1902) portreti 600 min funt-sterlinqə (750 min dollar) satıla bilər. Bundan əlavə, hərraca ifaçının şəxsi bığ darağı, “Carl Faberge” firmasının istehsalı olan saatı, həmçinin müğənninin qarderobunda olan bir çox geyimləri çıxarılacaq.

Hərrac öncəsi sərgilər isə Nyu-York, Los-Anceles, Honkonq və Londonda açılacaq. Britaniyanın paytaxtında əşyalar avqustun 4-dən Freddi Merkurinin doğum günü olan sentyabrın 5-dək sərgilənəcək. Hərracın özü isə sentyabrın 6-na təyin edilib.

Qeyd edək ki, hərracdan əldə edilən gəlirin bir hissəsi Merkuri Xeyriyyə Fonduna, eləcə də dünyada HİV/QİÇS probleminə diqqət çəkən müğənni Elton Conun Fonduna veriləcək.

Oxşar Xəbərlər

    ×