AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsi tərəfindən aprelin 22-də “Azərbaycandan Qazaxıstana dostluq körpüsü: Abay Kunanbayev-175” mövzusunda keçiriləcək respublika elmi konfransına məqalə qəbulu davam edir.
İnstitutdan bildirilib ki, görkəmli qazax şairi Abay Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş konfransda iştirak etmək istəyənlər məqalələrini martın 10-dək təşkilat komitəsinin hümmatovax@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.
Məqalələr Abay Kunanbayebin həyatı və ədəbi irsi, lirikası, poemaları, ictimai məzmunlu şeirləri, nəsihətləri, şairin yaradıcılığının dil və üslub xüsusiyyətləri mövzularını əhatə etməlidir. Məqalə işçi dillərdən birində 5-10 səhifə həcmində “Times New Roman” şriftində 14 ölçüdə, sətirlərarası interval 1,5, paraqraf abzası 1 sm, səhifəkənarı ölçülər 2 sm olmaqla yazılmalıdır.
Mətnin əvvəlində ortadan tünd qara şriftlə, böyük hərflərlə müəllifin adı, atasının adı, soyadı; onun altından kursivlə elmi dərəcəsi, vəzifəsi və aid olduğu təşkilat qeyd olunmalıdır. Məqalənin adı ortada böyük hərflərlə, ondan sonra əsas mətn verilməlidir.
Məqalələrin məzmunu elmi yeniliyi və aktuallığı ilə fərqlənməlidir.
Ədəbiyyat siyahısı məqalənin sonunda “İstifadə olunmuş ədəbiyyat” adı ilə verilməli və əlifba sırası ilə gözlənilməlidir. Mətndə ədəbiyyata istinadlar mötərizədə mənbənin siyahıdakı nömrəsini və götürülən sitatın səhifəsini göstərməklə verilməlidir.
Xülasə 5 cümlədən, açar sözlər isə 5 sözdən az olmamalıdır. Məqalə Azərbaycan dilindədirsə xülasə ingilis dilində, məqalə rus və ingilis dillərindədirsə xülasə Azərbaycan dilində olmalıdır.
Konfransa elmi dərəcəsi olan şəxslər (fəlsəfə və elmlər doktorları), müəllimlər, elmi işçilər, doktorantlar, magistrantlar və tələbələr (hər kəs yalnız bir məqalə ilə) qatıla bilərlər.
Göstərilən tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək. Təqdim olunmuş yazılar təşkilat komitəsi tərəfindən dəyərləndirildikdən sonra müəlliflərə elektron poçt ünvanı vasitəsilə məlumat veriləcək.