Mayın 5-də “Fairmont Baku” otelində turizm sahəsi üçün ölkə üzrə ən mühüm hadisələrdən biri olan dövlət proqramları ilə nəzərdə tutulmuş Turizm İnformasiya Sisteminin - Turizm Reyestrinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə reallaşan təqdimatda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin görüş iştirakçılarına video müraciəti nümayiş olunub.
Fuad Nağıyev müraciətində son illər sənayenin tənzimlənməsi və işlək mexanizmlərin hazırlanması üzrə bir sıra əhəmiyyətli tədbirlərin görüldüyünü bildirib. O, Agentliyin bu istiqamətdə əsas siyasətinin sağlam rəqabət və xidmət keyfiyyəti prinsiplərinə əsaslanmaqla etibarlı və ixtisaslaşmış turizm sənayesinin formalaşmasına yönəldiyini qeyd edib. O deyib: "Qarabağda görülən mühüm işlərlə əlaqədar olaraq, bu gün sizə canlı qoşula bilməsəm də, turizm sənayesinin inkişafı üçün vacib olan Turizm İnformasiya Sisteminin təqdimat mərasimində hər birinizi salamlamağa şadam. Bu gün bizim əməkdaşlar sizə layihə haqqında ətraflı məlumat verəcəklər. Son illərdə turizm sahəsində dövlətimiz tərəfindən aparılan məqsədyönlü siyasətin bir hissəsi olaraq Dövlət Turizm Agentliyi tərəfindən sənayenin tənzimləmə mexanizmləri istiqamətində işlər görülür. Bu sahədə əsas siyasətimiz sağlam rəqabət və xidmət keyfiyyəti prinsiplərinə əsaslanmaqla etibarlı və ixtisaslaşmış turizm sənayesinin formalaşmasına nail olmaqdır. Təqdim olunan Turizm İnformasiya Sistemi turizm sənayesi subyektlərinin və turizm resurslarının qeydiyyatını və təsnifatını aparmaq, eləcə də keyfiyyət nişanlarını təqdim etmək, reytinq qiymətləndirməsini aparmaq üçün nəzərdə tutulub. Turizm Reyestri vasitəsilə ilkin mərhələdə yerləşmə vasitələri, turoperator və turagentlərin, turizm bələdçilərinin qeydiyyatı və təsnifatının aparılması planlaşdırılır. Eyni zamanda burada turizm sənayesinə açıq xidmət, keyfiyyətli xidmət, rəqəmsal xidmət nişanlarını əldə etmək üçün müraciət imkanı yaradılır. Açıq xidmət və keyfiyyətli xidmət nişanları əldə edən sənayesi subyektləri B kateqoriyası, açıq xidmət və keyfiyyətli xidmətlə yanaşı, rəqəmsal xidmət nişanları əldə edən turizm sənayesi subyektləri isə A kateqoriyası ilə təltif ediləcəklər. Hər bir nişanlar üçün aydın meyarlar müəyyən edilib. Bu meyarların müəyyən edilməsi üçün turizm sənayesi ilə görüşlər təşkil edilmiş, müzakirələr aparılmış, turizm sənayesinin rəy və təklifləri nəzərə alınmışdır. Layihənin uğurlu icrası ölkəmizdə turizm sənayesi subyektlərinin dəqiq və aydın uçotunun formalaşmasına, həmçinin potensiala və təqdim olunan xidmətlərin səviyyəsinə görə reytinq qiymətləndirilməsinin aparılmasına imkan verəcək".
Agentlik sədri layihənin uğurlu icrasının ölkədə turizm sənayesi subyektlərinin dəqiq və aydın uçotunun əldə olunmasına, həmçinin təqdim olunan xidmətlərin səviyyəsinə görə reytinq qiymətləndirilməsinin aparılmasına imkan verəcəyini, Turizm İnformasiya Sisteminin sənaye subyektləri, istehlakçılar və biznes tərəfdaşları ilə daha etibarlı münasibət qurmağa imkan yaradacağını diqqətə çatdırıb: "Gələcəkdə reytinq qiymətləndirməsinin məzmun baxımından daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Əlavə olaraq qeyd etmək istəyirəm ki, Turizm Reyestrindən qeydiyyatdan keçmək, müvafiq olaraq A və B kateqoriyaları əldə etmək sənaye nümayəndələrinə müştərilər və biznes tərəfdaşlarla daha etibarlı münasibət qurmağa imkan yaradacaq. Eyni zamanda A və B kateqoriyası alan sənaye subyektlərininin fəaliyyəti müxtəlif mexanizmlərlə təşviq ediləcək. Odur ki, turizm sənayesini Turizm Reyestrindən qeydiyyatdan və təsnifatdan keçməyə, ilkin mərhələ üçün B nişanı almağa dəvət edirəm. Fürsətdən istifadə edərək layihənin icrasında əməyi keçən bütün dövlət qurumlarının nümayəndələrinə öz təşəkkürümü bildirirəm. İnanıram ki, Reyestr sənayenin və bütövlükdə ölkəmizdə turizmin inkişafına öz töhfəsini mütləq surətdə verəcək".
Sonra Dövlət Turizm Agentliyi Aparatının rəhbəri Kənan Qasımov Turizm İnformasiya Sisteminin dövlət informasiya sistemi olmaqla “dövlət-biznes” və “biznes-biznes” rəqəmsal tərəfdaşlıq platforması olduğundan bəhs edib: "Sistemin əsas məqsədi turizm sektorunun rəqabət qabiliyyətliliyinin artırılması, turizm sənayesi və ehtiyatları barədə dəqiq, etibarlı məlumatların toplanması, eləcə də ötürülməsi, ölkə ərazisində təqdim edilən turizm xidmətlərinin keyfiyyətinin təşviqi, biznes subyektlərinin brendinq prosesinin, həmçinin korporativ inkişafının dəstəklənməsidir. Sistem daxilində Turizm Reyestri və xüsusi keyfiyyət proqramı aparılır, məlumat anbarı yaradılır, eyni zamanda elektron xidmətlərin göstərilməsi nəzərdə tutulur".
Təqdimatda DTA-nın Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov Turizm İnformasiya Sisteminin daxilində aparılan Turizm Reyestri haqqında da ətraflı məlumat verib və reyestrin turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili, həmçinin ötürülməsi, həmin məlumatların monitorinqi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə formalaşdırıldığı diqqətə çatdırıb.
DTA-nın Turizm siyasəti və strategiyası şöbəsinin böyük məsləhətçisi Fərid Əliyev Turizm Reyestrindən qeydiyyatdan keçən sənaye subyektlərinin növbəti mərhələdə təsnifatının aparıldığı və xüsusi Turizm Keyfiyyət Proqramına cəlb edildiklərini bildirib. O, vurğulayıb ki, Turizm Keyfiyyət Proqramı Turizm Reyestrində qeydiyyatdan keçən və təsnifləşdirilən turizm sənaye subyektlərinin keyfiyyətli xidmət, rəqəmsallaşma və açıqlıq prinsiplərinə uyğunluğunun qiymətləndirilməsini əhatə edir: "Qiymətləndirmə nəticəsində turizm sənaye subyektlərinə “B” və “A” kateqoriyaları üzrə “Açıq xidmət”, “Keyfiyyətli xidmət” və “Rəqəmsal xidmət” fərqləndirici keyfiyyət nişanları təqdim edilir. Keyfiyyət nişanları sənaye nümayəndələrinə keyfiyyətli xidmət təminatçısı kimi nüfuz qazanmaq, bu amildən brendinq prosesində istifadə və biznes xidmətlərini təbliğ etmə kimi təşviqedici üstünlüklərdən yararlanmaq imkanı təqdim edir. İnformasiya Sistemi, həmçinin istehlakçıların daha məlumatlı şəkildə seçim edərək etibarlı turizm sənayesi subyektlərinin xidmətlərindən yararlanmasına töhfə verəcək”.
Təqdimatda turizm agentlikləri və hotellərin təmsilçiləri, eləcə də turizm bələdçiləri daxil olmaqla 100-dən çox sənaye nümayəndəsi iştirak edib.
Sonda turizm sənayesi nümayəndələrinin Turizm İnformasiya Sistemi haqqında sualları cavablandırılıb.