Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş seminar
10.05.2023

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası (AMA), Azərbaycan Kulturoloqlar Cəmiyyəti və “Simurq” Kulturoloqlar Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev və Azərbaycanın sosial-mədəni inkişafı” mövzusunda “Mədəniyyət və cəmiyyət” kulturoloji seminarı keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarı giriş sözü ilə açan Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov Ulu Öndərin həyat və fəaliyyətinin Azərbaycan mədəniyyətində böyük təsir izlərinə malik olmasından danışıb. Qeyd edib ki, onun böyük şəxsiyyətlə görüşmək imkanı olmasa da, dahi liderin elmin və təhsilin, mədəniyyət və incəsənətin inkişafına göstərdiyi qayğını hər zaman hiss edib. Böyük şəxsiyyətin məhz bu sahələrə zamanında göstərdiyi diqqət və qayğı kulturoloji cəhətdən təhlil edilməli, cəmiyyətə çatdırılmalıdır.

“Simurq” AMA-nın vitse-prezidenti Svetlana Bayramova bildirib ki, bu il Azərbaycanın çağdaş tarixinin ən böyük şəxsiyyəti Heydər Əliyevin 100 illiyidir. Azərbaycanın bugünkü mənzərəsinin təməlində məhz xalqımızın böyük oğlu Heydər Əliyevin uzaqgörən siyasəti dayanmışdır. Azərbaycan uğrunda tarixən mübarizələr getmişdir, sərhədlərimizin genişləndiyi, kiçildiyi vaxtlarımız da olub. Lakin sabit dövlətçilik məfkurəsinə, ümumxalq sevgisi qazanan Heydər Əliyevin siyasi ayıqlığı sayəsində Azərbaycan 90-cı illərin o ağır xaotik vəziyyətdən xilas edildi: “O, necə deyərlər, bütün döyüşlərin, mübarizələrin qalibi olan sərkərdə, böyük şəxsiyyətdir. Onun xalqımıza ən böyük xidmətlərindən biri də özünü əvəz edəcək layiqli kadr hazırlaması, Azərbaycanın gələcəyini etibarlı ələ təhvil verməsi oldu. Məhz Prezident İlham Əliyevin sayəsində Azərbaycan uzun illər həsrətində olduğumuz, mənim də uşaqlıq xatirələrimin zəngin olduğu Şuşa şəhərini düşməndən geri aldı, bütün Qarabağımızı geri qaytardı. Bu, Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti idi”.

Əməkdar elm xadimi Şahlar Əsgərov bildirib ki, Heydər Əliyev Tanrı tərəfindən bu xalq göndərilmiş seçilmiş insan idi. O çox çətin sınaqlardan, gərgin, məşəqqətli günlər keçsə də öz xalqına sadiqliyini bir an belə tərk etmədi, mübarizəsindən bir addım belə geri dayanmadı. O öz həyatında çox böyük işlər görüb. Onun şah əsərlərindən biri də Azərbaycanda dövlət quruculuğu idi. Dövlət quruculuğu prosesini uğurla keçməsi, möhkəmlənməsi Heydər Əliyevin əvəzolunmaz xidmətidir. Onun dövlət quruculuğu prosesinin ikinci mərhələsi Ali Baş Komandan İlham Əliyevin 2020-ci ildə apardığı müqəddəs mübarizə ilə tamamlandı.

Sonra kulturoloq-alim, professor “Simurq” AMA-nın prezidenti Fuad Məmmədov Azərbaycanın sosial-mədəni inkişafının problemləri barədə məruzəylə çıxış edib və “Simurq” assosiasiyasının yerli və beynəlxalq elmi-ictimai arenalarda göstərdiyi fəaliyyətdən söhbət açıb.

Seminarda alimlər, müəllimlər, tələbələr, media nümayəndələri, müxtəlif ictimai və dini təşkilatların nümayəndələri iştirak ediblər.

Oxşar Xəbərlər

    ×