Beynəlxalq Muğam Mərkəzində “Opera Class” layihəsinin ilk konserti təqdim edildi.
AZƏRTAC xəbər verir ki, konsertdə opera səslərinin bütün əsas növləri səslənib. Soprano, mezzo-soprano, tenor və bariton səslər. Konsertmeyster Rebekka Maqomedovanın müşayiəti ilə Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artist Fəridə Məmmədova, Atəş Qarayev, Mahir Tağızadə, Günel Hacıyeva, Nina Makarova və Efim Zavalnıyın ifaları tamaşaçıların alqışları ilə qarşılanıb.
Proqrama C.Verdi, C.Puççini, Rimski-Korsakov, Raxmaninov və başqalarının operalarından səhnələr daxil idi. Axtarışlarına davam edən “Opera Class” heyətinin devizi budur : “Operanı bizim qədər sevməyinizi istəyirik”.
Qeyd edək ki, opera müğənnisi üçün səhnəyə gedən yol müxtəlif siniflərdən keçir. Səs üzərində işlədikləri vokal sinfi, məşqçi sinfi, opera partiyalarını öyrənib məşq etdikləri aktyorluq sinfi və s. Bütün bunlar yüksək teatr artisti olmaq üçün lazımdır. Elə bu yanaşma ilə də layihənin ilk konsertində həm səhnədə sözünü demiş sənətçilər, həm də tələbələr birlikdə çıxış etdilər.