Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” MMC bu gün önəmli hadisəni qeyd edir – şirkətin 100-cü yanacaqdoldurma məntəqəsi (YDM) işğaldan azad olunmüş Füzuli şəhərində istismara verilib.
Hadisəni önəmli edən həm yanacaqdoldurma məntəqəsinin “Zəfər yolu"nun üzərində yerləşməsi, həm də 2023-cü ilin Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100-cü il dönümü münasibəti ilə “Heydər Əliyev İli" kimi qeyd edilməsidir.
Bu gün istismara verilən modul tipli YDM işğaldan azad olunmuş ərazilərdə “Azpetrol-un sayca 4-cü məntəqəsidir. YDM-də "Aİ-92", "Premium" və "Dizel" yanacaq növləri satılır. Ərazidə 4 yeni iş yeri yaradılıb. Beləliklə, “Ağalı YDM”, “Hadrut YDM” və “Suqovuşan YDM”in işçilərini nəzərə alaraq, “Azpetrol” işğaldan azad edilmiş ərazilərdə artıq 17 daimi iş yeri açıb.
Şirkət Strateji inkişaf planına uyğun olaraq, Azərbaycanın yanacaqdoldurma bazarında lider mövqeyini bundan sonra da möhkəmləndirəcək, yanacaqdoldurma şəbəkisini və əhatə dairəsini genişləndiriləcək, təklif edilən xidmətlərin çeşidi və keyfiyyəti daim atrırılacaq.
"Azpetrol"un ilk YDM-i - “Spartak” 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Şirkətin hazırda əksər iqtisadi zonalarda ümumilikdə 100 YDM-i, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100-dən atrıq yanacaq daşıyan avtomobili, minik maşınları üçün avtosahəsi mövcuddur. Fəaliyyət göstərən YDM-lərdə 4 sıxılmış təbii qazdoldurma postu, 4 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.