Bu gün Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi tamam olur.
AZƏRTAC xəbər verir ki, bu münasibətilə, kitabxananın əməkdaşları tərəfindən “Azərbaycan Milli Kitabxanası -100” adlı virtual sərgi, həmçinin “100 il xalqın xidmətində” adlı ənənəvi kitab sərgisi hazırlanıb. Virtual sərgidə Milli Kitabxana haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, görkəmli şəxslərin fikirləri, fotolar, kitabxananın nəşrləri, mövzu ilə əlaqəli kitab və məqalələr, ənənəvi sərgidə isə kitabxananın nəşrləri və tarixi haqqında kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Azerbaycan_Milli_Kitabxanasi_/index.htm linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, Milli Kitabxana 1922-ci ildə yaradılıb, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olub. 1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundzadənin adı verilib. İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənərək, onlarca yeni şöbə yaranıb, fondunda olan ədəbiyyat sayı artıb.
Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya, informasiya xidməti göstərərək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir. 5 milyona yaxın fondu olan kitabxana dünyanın 80-ə yaxın kitabxanası ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb.
Heç təsadüfi deyildir ki, Ulu Öndərimiz, elm və mədəniyyətə yüksək qiymət verən Heydər Əliyev 1995-1997-ci illərdə 4 dəfə Milli Kitabxanaya səfər edib və öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitabı kitabxanaya hədiyyə edib. 2004-cü ildə Kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilib ki, bu da kitabxanamızın fəaliyyətinə verilən ən yüksək qiymətdir.