İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) "Ağdam şərabı" əmtəə nişanının istifadə qaydalarını təsdiqləyib.
Report bu barədə AZPROMO-ya istinadən xəbər verir.
Məlumata görə, ənənəvi Ağdam şərabının nüfuzunun qorunması və keyfiyyətinin təmin olunması şərti ilə istehsalın və ixracının təmin edilməsi məqsədilə "Ağdam şərabı" əmtəə nişanı və coğrafi göstəricisi dövlət qeydiyyatına alınıb və hazırda bu istiqamətdə müvafiq işlər davam etdirilir. Cari mərhələdə ənənəvi "Ağdam şərabı" əmtəə nişanının istifadə qaydaları hazırlanıb və təsdiq edilib.
Sözügedən şərab istehsalı ilə məşğul olmaq istəyən müəssislər qaydalara əsasən AZPROMO-ya müraciət etməlidirlər. "Ağdam şərabı" əmtəə nişanının istifadə hüququnu almayan müəssislərə bu şərabın istehsalına və qeyd olunan əmtəə nişanından istifadəsinə icazə verilmir. Qaydalara uyğun olaraq, müvafiq hüququn verilməsi ilə bağlı AZPROMO istehsalçılara dəstək göstərəcək.