“Amazon Film Studios” şirkətinin istehsal etdiyi, Con Tolkienin müəllifi olduğu "Üzüklərin hökmdarı" trilogiyasının motivləri əsasında hazırlanan “Üzüklərin hökmdarı: Güc üzükləri” çoxseriyalı fantastik filminin ikinci sezonunun çəkilişləri başa çatıb.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, bahalı televiziya layihələrindən hesab olunan bu ekran əsərində bəhs edilən hekayə qədim dövrdə dünyanın mənşəyini, eləcə də həmin zamanda yaşayan irqləri izah edən Tolkien mifologiyası haqqındadır.
Qeyd edək ki, hazırda əksər film istehsal edən studiyalarda Amerika Ssenaristlər Gildiyasının davam edən tətili səbəbindən film və serialların buraxılışları sürətləndirilir. Güman edilir ki, “Üzüklərin hökmdarı: Güc üzükləri” vaxtında yayımlanan bir neçə layihədən biri olacaq. Serialın pərəstişkarları layihənin yeni sezonunun başlanmasını səbirsizliklə gözləyir.