Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Rəşad Mehdiyev Azərbaycanda ilk dəfə olaraq “Əbədiyyət” adlı böyükmiqyaslı incəsənət əsəri yaradıb
14.06.2023

Azərbaycanın Əməkdar rəssamı, incəsənət üzrə fəlsəfə doktoru Rəşad Mehdiyev Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binasında “Əbədiyyət” əsərini təqdim edib.

AZƏRTAC xəbər verir ki, yaradılması yeddi ay davam edən bu bütöv kompozisiya 12 metr hündürlüyündə olan binanın bütün foyelərini tam əhatə edib. Dövlətin dəstəyi sahəsində bu, rəssam tərəfindən dövlət idarələrində vahid incəsənət əsərinin yaradılması üzrə Azərbaycanda ilk təcrübə olub.

Dörd hissədən ibarət olan kompozisiyanın rəmzi motivi Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin banisi, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyini əks etdirir.

Əsərdə Azərbaycan xalqının həyat fəlsəfəsinə cavab verən əbədi dəyərlər, qalib insanın ruhunu, əməyi və bolluğu, davamlılığı nümayiş etdirən ideyalar öz əksini tapıb. Mərkəzində Heydər Əliyevin büstünün yerləşdiyi kompozisiyada ağacın budaqları səmaya və əbədiyyətə uzanır. Kufi üslubunda yaradılmış şəbəkə Ümummilli Liderin anadan olmasının 100 illiyini simvolizə edən 100 ulduzun parladığı kosmik məkanı əks etdirir.

Ağacla bərabər səmaya ucalan sütunlar ərzaq təhlükəsizliyinin dayanıqlılığının təcəssümüdür. Ağacın budaqları kompozisiyanın sağ hissəsinə - Qələbə və sülhün bərqərar olduğu bərəkətli torpaqların əks olunduğu rəsmə doğru uzanır. Yağlı boya ilə işlənən əsərdə əzəmətli dağın və geniş buğda zəmisinin üzərindən səmaya doğru pərvazlanan göyərçinlər 44 günlük Vətən müharibəsində qazanılan Qələbəni müjdələyir.

“Əbədiyyət” kompozisiyasının sol hissəsində torpaqlarımızda yetişdirilən nemətləri təqdim edən insan əlləri heykəli əks etdirilib. Bolluq və əməyi təcəssüm etdirən əllər ağacın budaqlarından qidalanır.

Əsərin mərkəzində Simurq quşunun stilizə olunmuş formasında çilçıraqlar vardır.

Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binası əzəməti və müasir memarlığı ilə diqqəti cəlb edir. Bu binanın, həmçinin ölkəmizdə və xaricdə realizə edilən bir çox layihələrin müəllifi memar Elnur Quliyevdir. “Əbədiyyət” kompozisiyasının memarlıq həlli isə memar Mahir Muxtarova məxsusdur.

Qeyd edək ki, kompozisiyanın ərsəyə gəlməsi Kənd Təsərrüfatı Nazirliyinin tam dəstəyi ilə həyata keçirilib.

Oxşar Xəbərlər

    ×