Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində Ələt Ekoparkının açılışı olub.
Report xəbər verir ki, mərasimdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktoru Taleh Ziyadov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və ictimaiyyət nümayəndələri iştirak edib.
İcra başçısı sakinlərlə görüşü zamanı bildirib ki, Ələt Ekoparkı təkcə istirahət və əyləncə məkanı deyil, həm də günəş enerjisindən səmərəli istifadə nümunəsi olacaq.
"Yeni Ekoparkın ən heyranedici xüsusiyyətlərindən biri günəşdən enerji alan fənərlərdir. Bu, nəinki enerji sərfiyyatını və zərərli emissiyaları azaldır, həm də parkı işıqlandıraraq unikal atmosfer yaradır", - deyə başçı qeyd edib.
O, parkda idman imkanlarının da olduğunu qeyd edib: "Yeni ekoparkda idman bacarıqlarını artırmaq və yaxud dostları ilə aktiv oyunlarda vaxt keçirmək istəyən hər kəsi qəbul etməyə hazır olan basketbol və futbol meydançaları tikilib. Bu oyun meydançaları həm uşaqlar, həm də böyüklər üçün əlçatan olacaq, sağlam həyat tərzini və aktiv hərəkəti təşviq edəcək. Bundan əlavə, parkda yelləncəklər var. Yelləncək illər boyu uşaqları sevindirəcək təhlükəsiz və rahat konstruksiyadır".
Ələt Ekoparkı "Heydər Əliyev İli" çərçivəsində və 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə açılıb və Şəhid Eduard İmanov küçəsi, 23 ünvanında yerləşir. Parkın ərazisi 1 176 kvadrat metrdir. Burada bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şərait yaradılıb, gənclərin asudə vaxtını səmərəli keçirməsi, sistematik idmanla məşğul olması üçün futbol və oyun meydançaları, müxtəlif idman qurğuları salınıb. Ərazinin işıqlandırılması üçün 10 ədəd günəş panelli quraşdırılıb, 2 ədəd söhbətgah inşa edilir.
Görülmüş işlər çərçivəsində binaları əhatə edən həyətdə asfalt örtüyü yenilənib. Parka qazon, tamet daşı vurulub, yeni bardür inşa olunub, 162 metrlik velosiped zolağı salınıb. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ həmişəyaşıl ağac və gül-çiçək kolları əkilib. İcra Hakimiyyətinin dəstəyi ilə hazırlanmış layihəyə uyğun olaraq binaların fasadları əsaslı təmir edilib.