Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Müharibə veteranı, rəssam Tərlan Eyvazovun fərdi sərgisi təşkil edilib
24.06.2023

Əfqanıstan və Qarabağ müharibələri veteranı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Tərlan Eyvazovun fərdi sərgisinin açılış mərasimi keçirilib, həmçinin rəssamın yaradıcılığından və ictimai fəaliyyətindən bəhs edən albom-kataloqun təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Silahlı Qüvvələr Gününə həsr olunan tədbirdə Milli Məclisin deputatları, müharibə veteranları, yaradıcılıq təşkilatlarının nümayəndələri, ictimai fəallar, jurnalistlər və rəssamın həmkarları iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin aparıcısı, Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov sərgi-təqdimatı qəhrəman Azərbaycan Ordusuna, rəşadətli əsgər, gizir və zabitlərimizə tükənməz sevgi və ehtiramın ifadəsi kimi səciyyələndirib, rəssam Tərlan Eyvazovun yaradıcılığında onun şəxsən iştirakçısı olduğu müharibələrin ağrı-acılarının, həmçinin hərbi qələbələrimizə mühüm töhfələr vermiş döyüşçülərin obrazının əsas yer tutduğu bildirilib. İstedadlı rəssamın portret janrı ilə yanaşı, mənzərə, natürmort, tarixi-mifoloji və s. janrlarda da baxımlı yaradıcılıq işlərinin olduğu, onların bir qisminin sərgidə nümayiş etdirildiyi və albom-kataloqda verildiyi vurğulanıb.

Tədbirdə çıxış edən Azərbaycanın Milli Qəhrəmanları Fəxrəddin Cəbrayılov, Fariz Qəhrəmanov, ehtiyatda olan polkovnik Şair Ramaldanov, Xalq şairi Ramiz Rövşən, Əməkdar rəssam Rais Rasizadə, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu və başqaları sərgidə nümayiş olunan əsərlərin, eləcə də onların müəllifinin yaradıcılıq xüsusiyyətlərindən danışıb, müxtəlif üslubda və janrlarda yaratdığı rəngkarlıq nümunələrinin bədii-estetik səviyyəsini dəyərləndiriblər.

Tərlan Eyvazov sərginin təşkilinə və albom-kataloqun nəşrinə dəstək verənlərə, həmçinin tədbirin iştirakçılarına öz təşəkkürünü bildirib.

Sonra tədbir iştirakçıları sərgiyə baxıblar və onlara rəssamın avtoqrafı olan albom-kataloq hədiyyə edilib.

Oxşar Xəbərlər

    ×