AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Musiqişünaslıq üzrə elmi şurasının ilk iclası keçirilib.
İclasda şuranın sədri, Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadova yeni yaradılmış şuranın fəaliyyət göstərməsi üçün mövcud olan normativ-hüquqi bazanı təşkil edən sənədlər barədə məlumat verib. Bildirib ki, şuranın fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin sərəncam və fərmanları, “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının və AMEA Rəyasət Heyətinin müvafiq qərarları, habelə Elmi istiqamətlər üzrə elmi şuralar haqqında Əsasnamə ilə tənzimlənir.
AMEA-dan bildirilib ki, Sevil Fərhadova qurumun qarşısında duran əsas vəzifələrdən, musiqi sənəti ixtisası və bu elm sahəsi üzrə ölkəmizdə və dünyada aparılan elmi tədqiqatlardan bəhs edib. O, bu sahədə aparılan tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra şuraya təqdim olunmuş dissertasiya mövzularının geniş müzakirəsi aparılıb.
Tədbirdə elmlər doktoru hazırlığı üzrə 1, fəlsəfə doktoru hazırlığı üzrə isə 14 tədqiqat mövzusu müzakirə olunub. Onlardan 10-u təsdiq edilib, 4 elmi işin isə yenidən baxılması üçün müvafiq institutların və ali məktəblərin elmi şuralarına göndərilməsi qərara alınıb.